Oğuz rayonun Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin 125 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları - Rauf Əsədov, Cavid Məmmədli, rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhidlərin ailə üzvləri, qazilər, məktəbin müəllimləri, məzunları, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Elçin Yusubov çıxışında təhsil müəssisəsinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, məzunlarının uğurlu göstəricilərindən, rayon təhsilinin inkişafında töhfələrindən danışıb. Təhsil İdarəsinin əməkdaşı Rauf Əsədov çıxış edərək bildirib ki, Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir: “Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında, məhz məqsədyönlü siyasət və düşünülmüş strategiya dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Məktəb kollektivini, kənd əhalisini məktəbin 125 illik yubleyiley münsibəti ilə təbrik edirəm”.
Tədbirdə həmçinin çıxış edən müəllim və qonaqlar təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini və bu gün Prezident İlham Əliyev tərəfindən bu ənənəyə sadiq qalaraq təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb. Tədbirdə təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarx nümayiş olunub. Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Sonda məktəbin fərqlənən müəllim və şagirdlərinə fəxri fərmanlar, məktəbin veteran müəllimlərinə xatirə hədiyyələri təqdim olunub.