ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil olunub.
Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, qazilər, həmçinin YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov iştirak ediblər.
Öncə rayon ərazisindəki Şəhidlər xiyabanı ziyarət olunub.
Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Oğuz rayon komitəsin sədri Fərman İbrahimov çıxışında 44 gün davam edən hərbi əməliyyatlardan, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, Ordumuzun döyüş taktikasından danışıb, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən söz açıb.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifəsidir, çünki 200 illik münaqişəyə, 30 illik müharibəyə cəmi 44 günə son qoyuldu, beynəlxalq təşkilatların, böyük dövlətlərin həll edə bilmədiyi təcavüz siyasətini Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurla aradan qaldırdı.
Şəhid Şahin Cəfərlinin anası Gülər Cəfərova bütün şəhid ailələrinə dövlətimizin diqqət və qayğısından danışıb, cəmiyyətimizdə onlara olan ali münasibətdən razılıq ifadə edib.
Bayram münasibətilə iştirakçıları təbrik edən Təhsil sektorunun müdiri Sərdar Nəbiyev qələbələrimizin davamı olan antiterror tədbirlərinə toxunub və bildirib ki, Ordumuz bir gündən də az müddətdə tapşırığı uğurla və böyük rəşadətlə yerinə yetirərək dövlətimizin suverenliyini bütün ölkə ərazisində təmin edib. İndi üçrəngli Bayrağımız Xocalıda, Xankəndidə, Hadrutda, Şuşada, Xocavənddə və digər işğaldan azad edilmiş şəhər və kəndlərimizdə əzəmətlə pərvazlanır.
Sonra Təhsil sektorunun ilk həmkarlar ittifaqının sədri Günel Abdullayeva, Birinci Qarabağ müharibəsi iştirakçısı Bəkir Məmmədəliyev və digərləri Zəfər Gününün tariximizdə yeri və rolundan, ölkəmizdə şəhid və qazilərə olan hərtərəfli dəstəkdən danışıblar.
Sonda şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına müxtəlif hədiyyələr verilib.