Oğuz rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol" adlı tədbir keçirilib.
Oğuz rayon Təhsil sektoru və ATİAHİ Oğuz rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə sektorun müdiri S.Nəbiyev, komitənin sədri Fərman İbrahimov həmin qurumların əməkdaşları, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitənin sədri F.İbrahimov bildirib ki, şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı. Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.
Təhsil sektorunun müdiri S.Nəbiyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək parlaq qələbəni şanlı tariximizin qızıl səhifəsi adlandırıb. Əbədi torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərin yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının əbədi qəhrəmanları olduğunu deyib.
Tədbirdə Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi D.Rəhimova “Azərbaycanın tarixi Zəfəri haqqın qələbəsidir” adlı məruzə ilə çıxış edib. O, məruzəsində qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı əzəli torpaqlarımız, nəhayət ki, mənfur düşmən işğalından azad edildi. Haqq savaşımızda Qələbə qazanan igid döyüşçülərimiz dövlətçilik tariximizin yeni Zəfər dolu şanlı səhifəsini yazdılar. Həmişə olduğu kimi, bu gün də Ordumuz xalqımızın qürur mənbəyidir. Uzun illər ərzində doğma yurd həsrətimizə son qoyulduğu tarix - 8 Noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd edilir.
“Azərbaycan xalqının misilsiz həmrəyliyi” mövzusunda çıxış edən M.Kərimov adına Bayan kənd tam orta məktəbin kitabxanaçısı Z.Umarova 44 gün davam edən "Dəmir yumruq" əməliyyatı zamanı xalq-ordu birliyinin şahidi olduğumuzu, Qələbəyə görə, Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Ordusunun hərbi qulluqçularına və bütün xalqımıza minnətdar olduğumuzu vurğulayıb. Sonra Vətən müharibəsi iştirakçıları - Y.Şəfiyev adına Xalxal kənd tam orta məktəbin kitabxanaçısı S.Əhmədov və Qarabaldır kənd ümumi orta məktəbin coğrafiya müəllimi C.Kamilli çıxış edərək əsgərlərimizin keçdikləri döyüş yolundan danışıblar. Onlar Azərbaycanın igid oğullarının Vətən müharibəsində göstərdikləri şücaəti, qəhrəmanlığı Vətənə olan sonsuz sevginin ifadəsi kimi dəyərləndiriblər.
Sonda şəhid ailələri və müharibə iştirakçılarına hədiyyələr verilib.