Martın 1-də Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin doğum günü ilə əlaqədar əziz xatirəsi dərin ehtiramla yad edilib.
Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov və sektorun əməkdaşları qəhrəmanımızın məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Sonra onlar şəhidin ailəsinə baş çəkiblər. Atası Nəriman, anası Aqibət xanım qəhrəmanımızın şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıblar. Vurğulanıb ki, Nail qısa ömür yaşasa da, Vətənə olan borcunu öz canı ilə ödədi və gələcək nəsillərə böyük örnək oldu. Valideynlər həm şəhidmizə, həm də onlara olan diqqətdən razılıqlarını bildiriblər.
Qeyd edək ki, Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və Oğuz rayonunun Xaçmaz kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Nail İbrahimliyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
O həmçinin "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.