Oğuzda Qurban bayramı münasibətilə tədbir keçirilib


İyulun 8-də ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə Qurban bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Vasif İsgəndərov, komitə və təhsil sektorunun işçiləri, 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri iştirak ediblər.
Öncə rayonun Şəhidlər xiyabanı ziyarət olunub, məzarlarına gül dəstələri düzülüb, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən komitə sədri Fərman İbrahimov bayram münasibətilə iştirakçıları təbrik edib və bildirib ki, Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir: “Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir”.
Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev vurğulayıb ki, Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər: “Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir”.
Tədbirin sonunda iştirakçılara bayram münasibətilə hədiyyələr təqdim olunub.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo