Sentyabrın 9-da Oğuz rayonunda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, rayon məktəblərinin rəhbərləri, müəllimlər, valideynlər, ATİAHİ Oğuz rayon komitəsinin əməkdaşları və rayon ziyalıları iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Regional təhsil idarəsinin Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev bildirib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 334 məzundan 183-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 29 nəfəri 500-700 bal arası, o cümlədən 2 nəfər 600 baldan yuxarı nəticə göstərib. O, tələbə adını qazanmış gəncləri təbrik edib, onlara təhsil sahəsində bundan sonra da böyük nailiyyətlər arzulayıb.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin anası Aqibət İbrahimova, Oğuz şəhər internat tipli liseyin direktoru Qəmzə Süleymanova, Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi Günay Hacılı, Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova, yüksək bal toplayan məzun Nurcan Nafızadə çıxış edərək ölkəmizdə təhsilin inkişafından, bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqətdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Son illər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr dövlətin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir. Təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da xüsusi olaraq qeyd edilib.
Sonda tələbə adını qazanmış gənclərə hədiyyələr təqdim olunub.