Oğuz rayon M.F.Axundov adına Xaçmaz kənd 1 №-li tam orta məktəbin 140 illik yubileyi qeyd edilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayaz Ağayev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhid ailələrinin üzvləri, qazilər, təhsil işçiləri, kəndin təqaüddə olan müəllimləri, məzun şagirdləri və digər qonaqlar iştirak ediblər.
Öncə Xaçmaz kəndindəki Şəhidlər xiyabanı ziyarət olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktor əvəzi Kəmalə Şıxıyeva qonaqları salamlayaraq məktəbin yaranma tarixindən, rayon təhsilinin inkişafına verdiyi töhfələrdən, məzunlarının uğurlarından, müəllimlərinin peşəkarlığından danışıb.
Rayon icra hakimiyyətinin nümayəndəsi Ayaz Ağayev çıxışında XIX əsrdə belə bir dünyəvi məktəbin açılmasının əhəmiyyətindən, yeni-yeni nəsillərin yetişməsində, elmi biliklərə yiyələnməsində xidmətlərindən söz açıb.
Digər çıxış edənlər məktəbin rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edib dövlətimizin uğurlu təhsil siyasətindən danışıblar.
Şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla tədbir davam etdirilib.
Sonda uzun illər gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə və nümunəvi xidmətlərinə görə, bir qrup müəllim Təhsil İdarəsinin fəxri fərmanla təltif olunub, həmçinin onlara hədiyyələr verilib.