Oğuz rayon Təhsil sektoru və ATİAHİ Oğuz rayon komitəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə konfrans keçirilib.
Konfransda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, sektorun əməkdaşları, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, fəal ittifaq üzvləri iştirak ediblər.
Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümuhuriyyətinin yaranmasından və fəaliyyətindən, həmin dövrdə aparılan demokratik islahatlardan danışıb.
ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov xalqımızın milli-azadlıq mübarizəsindən, müstəqillik arzularından, Şərqdə ilk dəfə demokratik respublika qurmasından söz açıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir: “Cəmi 23 ay yaşamasına baxmayaraq, həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Bu gün demokratiyadan uzun-uzadı söz açan, ölkəsini nümunə çəkən, digər dövlətləri qeyri-demokratik idarəçilikdə ittiham edən ölkələrdə istibdadın, totalitarizmin tüğyan etdiyi bir vaxtda xalqımız demokratik prinsiplər əsasında respublika qurmuşdur. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olmuşdur. Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər, tolerant, birgəyaşayış dəyərlərinə sədaqətinin dərin köklərini göstərir”.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil Sektorunun metodisti Günel Abdullayeva, Ərmənət kənd tam orta məktəbin direktoru Nərmin Məcidli, Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin müəllimləri - Tərlan Fərəcov və Elçın Hacıyev çıxışlar edərək Azərbaycan Xalq Cümhuriyyətinin təhsil islahatlarından, Bakı Dövlət Universitetinin təsis olunmasından, Şərqdə ilk dəfə qadınlara səsvermə hüququnun verilməsindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün əsas atributlarını - bayrağını, himnini və gerbini yaratdı. Həmçinin ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı.
Konfransın sonunda RFO-da uğur qazanan şagirdlər və onların müəllimləri fəxri fərmanla təltif edilib və onlara hədiyyələr verilib.