ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, rayon Təhsil sektorunun əməkdaşları - Sevinc Məsimova və Günel Abdullayeva şəhid müəllim Rəvan Lətifovun məzarını onun doğum günündə ziyarət ediblər.
Məzarın üzərinə gül dəstələri düzülüb, şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Həmçinin şəhidin ailəsi ilə görüş olub. Görüşdə Rəvanın mənalı və şərəfli ömür yolu, pedaqoji fəaliyyəti xatırlanıb, Vətənə olan sonsuz sevgisindən, Vətən müharibəsində göstərdiyi rəşadətdən, yüksək döyüş ruhundan bəhs olunub. Şəhid müəllimin valideynləri həm dövlətimizin, həm də cəmiyyətimizin onlara olan ali münasibətindən, diqqət və qayğısından razılıq ifadə ediblər.
Qeyd edək ki, Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib. 2008-ci ildə Xaçmaz kənd V.İbrahimov adına tam orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarə olunması” ixtisasına qəbul olub. O, ali məktəbi bitirdikdən sonra Ə.Abdulhüseyn adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, sonra isə təşkilatçı müavin vəzifələrində çalışıb.
Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılır, Şuşaya qədər şanlı döyüş yolu keçir. 2020-ci il noyabrın 6-da Şuşa şəhərinin işğaldan azad olunması əməliyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirir, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənir. Bu onun son döyüşü olur və qəhrəmancasına şəhid olur. 2020-ci il noyabrın 15-də doğulduğu kənddə dəfn edilir.