Oğuzda gənclər təltif olunub
Oğuz rayonunda 2 fevral - Gənclər Günü münasibəti ilə tədbir keçirilib. ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbir iştirakçıları həmçinin rayondakı Şəhidlər xiyabanına gedib, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər qoyublar.
Tədbirdə çıxış edənlər dövlətimizin gənclər siyasətindən, bu istiqamətdə ölkəmizdə görülən işlərdən, gənclərin ictimai-siyasi sahədə fəallığından danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Çıxışların ardından Oğuz rayon komitəsi tərəfindən gənclərin mükafatlandırılması mərasimi təşkil olunub. 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo