ATİAHİ Oğuz rayon komitəsi tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və təhsil şöbəsi əməkdaşları, ilk həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.
Öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olan bütün oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Sonra F.İbrahimov çıxış edərək son 200 ildə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən bəhs edib. Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilən soyqırımları isə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir: “Qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər Yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”.
Rayonun Calud kənd tam orta məktəbinin ilk həmkarlar təşkilatının sədri Türkan Abbasova çıxışında vurğulayıb ki, hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tariximizin bu qaranlıq səhifələrinə işıq salan ilk rəsmi sənəd oldu: “Bu mühüm sənəddə azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, erməni şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlər tərəfindən azərbaycanlı əhaliyə qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir”.