Mayın 16-da ATİAHİ Oğuz rayon komitəsi tərəfindən 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhid olmuş Anar Əliyevin doğum günü münasibətilə tədbir keçirilib.
Rayon komitəsinin sədri Fərman İbrahimov, komitənin və Rayon Təhsil Şöbəsinin əməkdaşları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsinə baş çəkilib.
Görüş zamanı F.İbrahimov bildirib ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu: “Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən, Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu”.
Komitə sədri vurğulayıb ki, qədrbilən xalqımız Anar kimi qəhrəman oğullarını heç vaxt unutmayacaq, xatirəsini daim əziz tutacaq, həmişə yad edəcək.
Şəhidin ailəsi Anarla bağlı xatirələrini bölüşüb və övladları ilə fəxr etdiklərini bildiriblər.