Oğuz rayonunun Taleh Babayev adına Yaqublu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim İmran Verdiyevin anadan olmasının 65 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Təhsil sektorunun əməkdaşları, veteran müəllimlər və məktəbin pedaqoji kollektivi iştirak ediblər.
Çıxış edənlər yubliyarın mənalı ömür yolundan, şərəfli pedaqoji fəaliyyətindən, müəllim adını ləyaqətlə daşımasından, həmçinin rəhbərlik etdiyi məktəbin göstəricilərindən, yetirmələrinin uğurlarından danışıblar. Bildirilib ki, İmran müəllim hər zaman rayon təhsilinin inkişafı üçün çalışıb, gənclərin vətənpərvər ruhda böyüməsində, elmi biliklərə yiyələnməsində, sağlam mühitdə tərbiyə olunmasında onun xidmətləri danılmazdır. Vurğulanıb ki, İmran müəllimin peşəkar fəaliyyəti hər zaman rayon rəhbərliyi və Elm və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilib, o, müxtəlif fəxri adlara layiq görülüb.
Digər çıxış edənlər yubliyarı təbrik edib, işində nailiyyətlər arzulayıblar.
Göstərilən diqqətə görə, təşkilatçılara və iştirakçılara təşəkkür edən İmran müəllim seçdiyi peşəyə hər zaman hörmətlə yanaşdığını, bu adın ucalığı uğrunda səylə çalışdığını deyib. Əlavə edib ki, bundan sonra da ömrünü təhsilə həsr edəcək, çalışacaq ki, yetişən yeni nəsil Vətənimiz və dövlətimiz üçün faydalı olsun.
Sonda İ.Verdiyevə rayon komitəsinin adından fəxri fərman və qiymətli hədiyyələr verilib.