Oğuz rayon komitəsinin təşkilatçılığı ilə qadınlar bayramı münasibətilə tədbir keçirilib
 Martın 5-də ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və təhsil şöbəsinin əməkdaşları, həmçinin dəvət olunmuş qonaqlar iştirak ediblər. Tədbirdə Vətən müharibəsində şəhid olmuş Rəvan Lətifovun həyat yoldaşı Pünhan və şəhidin anası Kişbər Lətifovalar iştirak ediblər.
   Tədbirdə çıxış edən Fərman İbrahimov bayramın yaranma tarixindən, qadın hüquqlarından və gender bərabərliyindən söz açıb. Bildirib ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar: “Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər”.
Anar Məcidov tədbirdə çıxış edərək qadın təhsil işçilərini təbrik etmiş və onlara öz səmimi arzularını çatdırıb. Vurğulayıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı: “Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi”.
 
Tədbirdə digər çıxış edənlər - Oğuz Rayon Təhsil Şöbəsinin məsləhətçisi Nərmin Hacıbabazadə, metodisti Günel Abdullayeva, rayonun Baş Daşağıl kənd tam orta məktəbinin direktoru Naidiyyət Dadıyeva, Ərmənət kənd tam orta məktəbinin psixoloqu Dərya Əbülzadə qadınlarımızın dövlətimizin tərəqqisində rolundan, təhsilimizin inkişafına verdikləri töhfələrdən bəhs ediblər.  
 
Sonda təhsil sahəsində və ictimai işlərdə fəal iştirak etdiklərinə görə, bir qrup şəxsə Fəxri fərmanlar təqdim olunub. Tədbirin sonunda dəvət olunmuş qadın təhsil işçilərinə hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo