ATİAHİ Oğuz rayon komitəsində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ayaz Ağayev, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, müəssisə və təşkilatların rəhbərləri, müəllimlər, şəhid ailələri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Təhsil sektorunun müdiri Sərdar Nəbiyev giriş sözü ilə çıxış edərək müəllim peşəsinin müqəddəsliyindən, cəmiyyətin inkişafında, gənc nəslin vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsində rolundan danışıb.
Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov dövlətimizin təhsil siyasətindən, müəllimlərə olan diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb, həmçinin müəllimlərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. Onun sözlərinə görə, onlarla müəllim müharibənin ilk günündən silaha sarıldı, torpaqlarımızı azad etmək üçün qəhrəmanlıqlar göstərdilər. Döyüşlərdə xeyli təhsil işçisi şəhid oldu. Bu, böyük bir nümunə idi, xalqımız onların xidmətlərini heç vaxt unutmayacaq.
Tədbirdə digər çıxışlar da dinlənilib, müəllimlərin ünvanına təbriklər səslənib. Sonda iştirakçı müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub.