Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz rayon komitəsi və Təhsil sektoru 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçiriblər.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cavid Həmidov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin işçisi Elxan Abdullayev, Təhsil sektotunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, təhsil işçiləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər. Öncə rayon ərazisindəki şəhidlərin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
Tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov çıxış edərək Azərbaycan dövlətinin qüdrətini, Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları qeyd edib.
Arzu Əliyev adına Padar kənd tam orta məktəbin direktor müavini Şahlar Əliyev Azərbaycan xalqının sarsılmaz birliyindən, "Dəmir yumruq" əməliyyatının mahiyyətindən və parlaq Qələbədən danışıb, onun tariximizdə yerini şərh edib.
Digər çıxış edənlər Azərbaycan dövlətinin ağır sınaqlardan qalib çıxmasından, işğalçılarla əzmkar mübarizəsindən bəhs edib, ölkəmizdə şəhid ailələrinə olan diqqət və qayğını vurğulayıblar.
Şəhid anası Gülər Cəfərova isə Vətənə layiqli övlad yetirdiyi üçün fəxr etdiyini bildirib və cəmiyyətimizdə şəhid ailələrinə olan ali münasibəti yüksək dəyərləndirib.
Tədbir bədii hissə ilə davam edib.