Oktyabrın 27-də Oğuz rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Anar Talıb oğlu Əliyevin adına inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində şəhid ailələri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları, Təhsil sektorunun rəhbərliyi, ATİAHİ Oğuz rayon komitəsinin əməkdaşları, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhid Anar Əliyevin şərəfli həyat yolundan, Vətən sevgisindən, 44 günlük Zəfər yolunda göstərdiyi qəhrəmanlıqlarından söz açıb, əziz xatirəsini dərin ehtiramla yad edib və ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Anar Əliyev 1991-ci ildə Oğuz rayonunda doğulub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan A.Əliyev 2020-ci il Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olub. O, oktyabrın 27-də Oğuzun Şəhidlər xiyabanında dəfn olunub.